Azərbaycan yeni qaz ehtiyatlarına malikdir və onları hasil etməyi planlaşdırır ki, bu da ölkənin məqsədlərinə və ötən ilin yayında Avropa İttifaqı (Aİ) ilə imzalanmış memorandumun hədəflərinə uyğundur.
SOCAR: "Hədəflərimizdən biri Azərbaycan və region ölkələrinin enerji təhlükəsizliyidir"
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft-Qaz Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində deyib.
2022-ci ilin ortalarında Azərbaycan və Aİ arasında 2027-ci ilə qədər Avropaya qaz tədarükünün 20 milyard kubmetrə çatdırılması ilə bağlı anlaşma memorandumu imzalanıb. V.Bəylərbəyovun sözlərinə görə, bu məqsədə çatmağın çətin olacağından narahat olmaq üçün heç bir əsas yoxdur.
Azərbaycan iyul ayında quyuların işə salınacağı "Abşeron" yatağından yeni həcmdə qaz hasil etməyi planlaşdırır. Həmçinin, “Azəri-Çıraq-Günəşli” və “Ümid-Babək” yataqlarındakı qaz laylarının işlənməsi hesabına da əlavə qaz həcmləri əldə olunacaq. V.Bəylərbəyov qeyd edib ki, alıcılar bu həcmlərin alqı-satqısı ilə bağlı uzunmüddətli müqavilələr bağlasalar, bu həcmlər tezliklə bazara çıxarıla bilər.
O əlavə edib ki, Azərbaycan həmçinin Türkiyənin öz ərazisində qaz habının yaradılması planlarını yaxından izləyəcək.
"Türkiyə qaz biznesində bizim tərəfdaşımızdır, bu isə son dərəcə vacibdir. Təbii ki, onun necə işləyəcəyini daha yaxşı anlamaq istərdik. Məqsədlərimizlə üst-üstə düşərsə, biz də orada olacağıq", - SOCAR nümayəndəsi deyib. (Report)