Azərbaycanın işğaldan azad edilmiş ərazilərində magistral qaz kəmərlərinin mərhələli şəkildə yenidən qurulması nəzərdə tutulur.
FED.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin rəisinin birinci müavini Sərxan Babaşov “Enerji təminatı məsələləri üzrə işçi qrupu”nun iclasında deyib.
Onun sözlərinə görə, bu məqsədlə SOCAR əsasən dörd istiqamət üzrə infrastruktur layihələrinin icrasına başlayıb:
"Horadiz–Laçın magistral qaz kəmərinin və onun qolları üzərində qazpaylayıcı stansiyaların (QPS) tikintisi planlaşdırılıb. Bu çərçivədə “Cəbrayıl QPS”, “Minçivan QPS”, “Qubadlı QPS” və “Laçın QPS” inşa olunacaq".
O bildirib ki, Böyük Bəhmənli–Şuşa magistral qaz kəməri və ondan ayrılan “Qayalı (Hadrut)” qaz kəməri qollarının tikintisi həyata keçiriləcək: "Eyni zamanda bu kəmərlərin üzərində müvafiq paylayıcı stansiyaların inşası nəzərdə tutulur", - S. Babaşov bildirib.
O qeyd edib ki, həmçinin “Azadqaraqoyunlu–Ağdam” magistral qaz kəməri və onun üzərində “Ağdam QPS” qazpaylayıcı stansiyasının tikintisi planlaşdırılır: "Bundan başqa, “Yevlax–Naxçıvan” magistral qaz kəmərinin 33+46-cı km hissəsinin yenidən qurulması da layihəyə daxildir. “Ağdam–Kəlbəcər” magistral qaz kəməri çəkiləcək və bu istiqamətdə “Kəlbəcər QPS” qazpaylayıcı stansiyasının tikintisi həyata keçiriləcək”.
S. Babaşov hesab edir ki, SOCAR-ın bu layihələri regionda yaşayış məntəqələrinin qazlaşdırılması və infrastrukturun bərpası baxımından mühüm əhəmiyyət daşıyır. (Report)