Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın "LUKOYL" şirkətinin Bolqarıstandakı neft emalı zavodunda maraqlı olduğunu bildirib.
FED.az xəbər verir ki, Bolqarıstan mənbələrinin məlumatına görə, SOCAR şirkəti Burqasdakı neft emalı zavodunu almaq üçün Türkiyənin “Cengiz” holdinqi ilə konsorsium yaradıb.
"LUKOYL" şirkətinin Bolqarıstandakı neft emalı zavodunu almaq istəyənlər arasında beynəlxalq neft treyder şirkəti "Vitol", Macarıstanın "MOL Group" şirkəti, Qazaxıstanın milli neft şirkəti "KazMunayGas" və Türkiyənin "OYAK" pensiya fondu var.
“SOCAR Bolqarıstanın müvafiq dövlət qurumları və şirkətləri ilə müxtəlif sahələrdə - qaz təchizatı, qazın bölüşdürülməsi, neft məhsulları bazarında mövqeyinin genişləndirilməsi üzrə Bolqarıstanda uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlıq strategiyası həyata keçirir. Təbii ki, bu baxımdan "LUKOYL"in Bolqarıstandakı aktivləri də şirkət üçün maraqlıdır. SOCAR bu məsələni araşdırıb, müvafiq məsləhətləşmələr və danışıqlar aparıb", - deyə agentliyin həmsöhbəti bildirib.