Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Macarıstanın MOL şirkətinin ABŞ-ın "Chevron" şirkətinin "Azəri-Çıraq-Günəşli" (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihələrindəki payının alınması ilə bağlı sazişi müsbət qarşılayır.
FED.az xəbər verir ki, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Eləcə də bax: MOL "Chevron"un AÇG və BTC-dəki paylarını - SATIN ALIB
"Azərbaycandakı layihələrdə yeni regiondan-Mərkəzi-Şərqi Avropadan şirkətin təmsil olunması müsbət haldır. Bu, yeni əməkdaşlıq imkanları açır. MOL şirkəti kifayət qədər nüfuzlu şirkətdir".
O qeyd edib ki, yeni sazişin layihələrdə hökuməti təmsil edən SOCAR tərəfindən üç ay müddətində təsdiqi gözlənilir.
Xatırladaq ki, “MOL “Chevron Global Ventures Ltd” və “Chevron BTC Pipeline” şirkətləri ilə AÇG-dəki 9,57%-lik və BTC-dəki 8,9%-lik payın alınması üçün müqavilə imzalayıb. Müqavilənin dəyəri 1,57 mlrd ABŞ dolları (alqı-satqı tamamlanarkən düzəliş mümkündür) təşkil edir.
Satınalma prosesinin 2020-ci ilin II rübünə tamamlanması gözlənilir. Sövdələşmənin başa çatması ilə MOL AÇG-nin üçüncü ən böyük tərəfdaşı olacaq.
Xatırladaq ki, AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan, təxminən, 100 km şərqdə dənizdə yerləşir. AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Bu saziş blokun 2049-cu ilin sonuna qədər işlənilməsini nəzərdə tutur.
Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 faiz), SOCAR (25,0 faiz), “Chevron” (9,57 faiz), INPEX (9,31 faiz), “Equinor” (7,27 faiz), “ExxonMobil” (6,79 faiz), TPAO (5,73 faiz), ITOCHU (3,65 faiz), “ONGC Videsh Limited” (OVL) (2,31 faiz).
BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 milyon bareldir. Hazırda BTC kəməri, əsasən, Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.
Report