Macarıstanın MOL enerji şirkəti “Chevron Global Ventures Ltd.” və “Chevron BTC Pipeline, Ltd.” şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində olan payların satın alınmasına dair müqavilə imzalayıb.
FED.az xəbər verir ki, bu barədə MOL-un yaydığı rəsmi məlumatda deyilir.
Eləcə də bax: "SOCAR Rusiyadakı zavodun - 10%-Nİ ALIB"
Məlumata əsasən, müqavilənin dəyəri 1,57 mlrd. ABŞ dollarıdır (sövdələşmənin başa çatması zamanı düzəlişlərin edilməsi şərti ilə – red.).
Belə ki, müqaviləyə görə, MOL ABŞ-ın “Chevron” şirkətinin AÇG-dəki 9,57% və BTC-dəki 8,9% paylarına sahiblik edəcək.
Bu əməliyyat başa çatdıqdan sonra MOL AÇG-nin üçüncü ən böyük ortağı olacaq.
Qeyd edək ki, AÇG bloku ARDNŞ tərəfindən xarici tərəfdaşlarla birlikdə işlənilir. Müqavilədə iştirak payı bu cür bölüşdürülüb: BP (layihə operatoru) – 35,78%, “Chevron” – 11,27%, “Inpex” – 10,96%, AzACG – 11,65%, “Equinor” (əvvəlki “Statoil”) – 8,56%, “Exxon” – 8 %, TPAO – 6,75%, “Itochu” – 4,3% və ONGC – 2,72%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.
Apa