“Abşeron” yatağının tammiqyaslı işlənilməsi mərhələsi üzrə cari il ərzində yekun investisiya qərarının qəbul olunmasına hazır olmaq məqsədilə “Abşeron” yatağının işlənməsinin ikinci fazası üçün “Front End Engineering Design” (ilkin layihələndirmə – FEED) işlərinin icrası ilə bağlı layihə tərəfdaşları ilə əsas podratçı tərəflər arasında razılaşma əldə olunub və layihələndirmə işləri artıq ilin əvvəlindən başlanılıb.
Ötən ay Abşeron yatağından hasil edilən qazın həcmi 20%-dən çox azalıb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Qeyd olunub ki, 2025-ci ilin sonunda FEED mərhələsinin tamamlanması və yekun investisiya qərarının verilməsi gözlənilir.
Vurğulanıb ki, “Abşeron” yatağından hasil olunacaq qaz Azərbaycanın daxili bazarı ilə yanaşı, xaricə də yönəldiləcək: “Tərəfdaşlarla aparılan ilkin kommersiya müzakirələrinə əsasən hasil olunan qaz Azərbaycanda daxili bazarın ehtiyaclarının ödənilməsi üçün alınacaq və eyni zamanda xaricə də nəql olunacaq”.
“SOCAR-ın beynəlxalq tərəfdaşlarla birgə layihənin işlənməsini həyata keçirməsi və ilk qaza nail olunması, qlobal enerji bazarına müsbət təsir etməklə yanaşı, eyni zamanda, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatçısı qismində mövqeyinin möhkəmlənməsində böyük rol oynayacaq”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən Abşeron qaz-kondensat yatağı JOCAP (Joint Operating Company of Absheron Petroleum B. V.) tərəfindən idarə olunur. Yataqdan ilk qaz 2023-cü ilin iyul ayının əvvəlində hasil edilib.
İlkin hesablamalara əsasən, yataqda təxminən 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat ehtiyatı var. (Trend)