Yəməndəki husi qruplaşması Səudiyyə Ərəbistanının minlərlə hərbçisini – əsgər və zabitlərini əsir götürdüyünü elan edib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat Səudiyyə Ərəbistanının Yəmənlə sərhəddəki Najran şəhəri yaxınlığında həyata keçirilib. Husilərin rəsmi sözçüsü Yəhya Sarayi bildirib ki, həmin şəhər ətrafında keçirilən əməliyyat nəticəsində 2015-ci ildə hərbi əməliyyatlar başlayandan bəri ən böyük qələbə əldə edilib.
Husilər səudiyyəlilərin 3 hərbi briqadasını mühasirəyə alıb, nəticədə çoxsaylı hərbçi öldürülüb, bir neçə min nəfər isə əsir götürülüb. Husilər elan edib ki, əsirlərlə yanaşı çoxsaylı hərbi qənimət də əldə ediblər. Bura yüzlərlə hərbi avtomobil və zirehli texnika daxildir. «Əsir götürülənlər arasında Səudiyyə Ərəbistanı ordusunun yüksək vəzifəli komandirləri də var»-deyə husilər elan ediblər.
Sözçü bildirib ki, yaxın vaxtlarda əlavə təfərrüatlar da açıqlanacaq. Səudiyyə Ərəbistanı tərəfi hələlik bu məlumatları şərh etmir.
Qeyd edək ki, Yəməndə husilərin qiyamı ilə 2014-cü ildə prezident devrilib və ölkədən qaçaraq Səudiyyə Ərəbistanında gəzlənib. Bundan sonra Səudiyyə Ərəbistanın başçılığı ilə yaradılan koalisiya Yəmənə hava zərbələri endirməyə başlayıb. İndiyədək bu zərbələr nəticəsində böyük hissəsi mülki əhali olmaqla minlərlə insan həlak olub.
Bir neçə gün əvvəl hüusilər Səudiyyənin iri neft obyktlərinə - neft emalı zavoduna və ikinci ən byöük neft yatağına hava zərbələri endiriblər. Nəticədə neft hasilatı və emalı kəskin azalıb və neftin qiyməti bir gün ərzində 20%-dən artıq bahalaraqa 70 dolları keçib. Sonradan hasilatın bərpası ilə neftin qiyməti də sabitləşib.
Səudiyyə Ərəbistanı və Qərbi ölkələri bu hücumda husilərdən çox İranı günahkar sayırlar, İran bunu inkar edir.