FED.az məlumat verir ki, dünya iqtisadiyyatı və ictimaiyyəti koronavirus bəlasından canını qurtarmamış, neftin qiymətinin kəskin azalması iddialı dövlətləri və başçılarını yeni imtahanla üz-üzə qoyub. Baş verən hadisələrdən belə çıxır ki, dünya iqtisadiyyatı koronavirusa “yoluxub”. Bu isə iqtisadiyyatın ən həssas və əhəmiyyətli sahəsi sayılan neft-qaz sektorunun "hərarətini qaldırıb”.
Eləcə də bax: Rusiya tərəfi: "Neft qiymətlərinin bərpası bir neçə ay çəkə bilər"
Əslində nə baş verib? Martın 6-da OPEC+ təşəbbüsünə qoşulan ölkələr koronavirusla əlaqədar 2020-ci ilin II rübündə gündəlik neft hasilatının əlavə 1,5 mln. barel azaldılmasını təklif edib. Rusiyaya daha 500 min barel azaltmaq təklif olunub. Ancaq onlar bundan imtina ediblər. Ölkə KİV-i isə Rusiyanın bu təklifdən imtina etmədiyini yazıb. Neftin qiymətinin aşağı düşməsi Rusiya rublunun da ABŞ dollarına nisbətdə qiymətinin azalmasına səbəb olub.
Eləcə də bax: Səudiyyə Ərəbistanı bütün bölgələr üzrə - NEFT QİYMƏTİNİ UCUZLAŞDIRIR
Bundan sonra Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkəti “qara qızıl”ın qiymətinin azaldılması barədə qərar qəbul edib. Bununla da Rusiyanın bazardakı payının müəyyən hissəsini ələ keçirməyə cəhd edib. Düzdür, Səudiyyə Ərəbistanı rəsmiləri Rusiya ilə “neft müharibəsi” aparmadıqlarını bildiriblər. Ancaq baş verənlər neft bazarında gərginliyin yarandığını təsdiqləyir. Nəticədə “Brent” markalı neftin qiyməti 28,69% düşərək 32,28 ABŞ dolları, WTI ((West Texas Intermediate) markalı neftin qiyməti isə 31,35% aşağı düşərək 28,33 ABŞ dolları təşkil edib.
Yeri gəlmişkən, 2019-cu ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub. O, kral Salman bin Abdel Əziz əl-Səudla görüşüb. Bu görüşdə neftin qiymətinin sabitləşməsinin əlaqələndirilməsi, energetika, hərbi-texniki sahələrində əməkdaşlıq tərəflərin müzakirə etdikləri başlıca mövzulardan olmuşdu.
Qeyd edək ki, Rusiya 2019-cu ildə 560,2 mln. ton neft hasil edib, neft ixracı 266,106 mln. ton olub.
Səudiyyə Ərəbistanı gələn aydan gündəlik neft hasilatını 10 mln. barelədək artırmağı planlaşdırır. Hətta ehtiyac olacağı təqdirdə bu rəqəmi 12 mln. barelə də çatdıra bilər.
Bu arada neftin ucuzlaşması yeni maliyyə böhranının yaranmasına da səbəb olub. Rusiya neft-qazdan gələn gəlirlərlə bağlı yaranmış çatışmazlığı Milli Rifah Fondunun hesabına kompensasiya edir. Rusiyanın Maliyyə Nazirliyi neftin qiymətinin 30 dollar/barel səviyyəsində olmasına 5-6 il davam gətirə bilər. Ancaq dünya iqtisadiyyatında baş verən hadisələr bu dözümün daha ağrılı olacağını təsdiqləyir.
Martın 1-də Vladimir Putin Nazirlər Kabinetinin müşavirəsində neftin cari qiyməti ilə bağlı bildirmişdi: “Neftin cari qiymətinin iqtisadiyyatımız və büdcəmiz üçün məqbul olduğunu vurğulamaq istərdim”. Rusiya cari ildə dövlət büdcəsində “Brent” markalı neftin bir barelini 42,4 dollardan götürüb. Neft-qazdan əldə olunan əlavə gəlir isə Milli Rifah Fonduna yönəldilir.
Son yüz ildə neftin qiymətinin düşməsi dünya siyasətində ciddi dəyişmələrə təsir edib. Yaponların Pörl Harbora hücumunun kökündə ən azı qismən Birləşmiş Ştatların 1941-ci ildə Tokionun Çinə müdaxiləsinə cavab olaraq Yaponiyanın neft idxalını məhdudlaşdırmaq qərarı durur. Çünki İkinci Dünya müharibəsində Yaponiya neft idxalından, xüsusilə bu sahədə ABŞ-dan asılı vəziyyətdə olub. ABŞ yaponların Çinə hücumuna cavab olaraq Yaponiyanın neft idxalını məhdudlaşdırmaq istəyirdi. Ona görə də hesab edilir ki, 1941-ci il dekabrın 7-də Yaponiya İmperiyası Silahlı Qüvvələrinin ABŞ Sakit Okean Donanmasının Pörl Harbor hərbi-dəniz bazasına (Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən Pörl-Harbora) hücumun əsasında neft amili durub. Həmin gözlənilməz hücum nəticəsində ABŞ-ın 12 döyüş gəmisi ciddi şəkildə zədələnib, yaxud batırılıb, 188 qırıcı təyyarəsi məhv edilib, 2 403 ABŞ əsgəri və 68 mülki vətəndaş ölüb. Bununla belə, ABŞ-ın Sakit Okean Donanmasına məxsus üç təyyarədaşıyan gəmi, əsas neft tankerləri, sualtı qayıqlar və bazanın zavod gəmiləri limanda olmadığından zərər görməyib. ABŞ Yaponiya İmperiyasının bu hücumunu 1945-ci ilin avqustunda atom bombası ilə də cavablandırdı.
Keçmiş SSRİ Böyük Vətən müharibəsini Azərbaycan nefti hesabına uddu. Odur ki, 80 il əvvəl baş vermiş tarixi hadisədə neft amili aparıcı rol oynayıb.
İkinci Dünya müharibəsindən qalib çıxan dövlətlərin neft mənbələri uğrunda açıq və gizli müharibələri hakimiyyətlərin və siyasi xəritələrin dəyişməsinə səbəb oldu. 1953-cü ildə İranda hakimiyyətə gələn yeni siyasi qüvvənin lideri, baş nazir Məhəmməd Müsəddiq neft uğrunda savaşın qurbanı oldu. Neft 1953-cü ildə İranda ABŞ və Britaniyanın təşkil etdiyi hökumət çevrilişində əsas rol oynayıb. Britaniyanın Anqlo-İran Neft Şirkətini (AİNŞ- sonralar “British Petroleum” - BP adlandırılıb) milliləşdirmə cəhdi Məhəmməd Müsəddiqin hakimiyyətinin sonunu gətirdi. ABŞ və Britaniya Məhəmməd Müsəddiqi devirərək Məhəmmədrza Pəhləvinin hakimiyyətini bərqərar etdilər. 1970-ci illərdə şahın OPEC-ə qiymət oxuması və başqa amillər İranda 1979-cu il fevral inqilabının baş verməsinə səbəb oldu.
1980-ci ildə dünya bazarında neftin qiyməti 35 ABŞ dollarına yüksəldi (bu da inflyasiya nəzərə alınmaqla 2000-ci illərdəki 93 dollara bərabər sayılır).1986-cı ildə isə neft 10 dollaradək ucuzlaşdı (indiki məzənnə ilə 20 dollara yaxın). Bu da neft ölkəsi sayılan keçmiş SSRİ iqtisadiyyatının çöküşünü sürətləndirdi. Sovet qoşunları Əfqanıstandan çıxdı. Həmin dövrlərdə də Səudiyyə Ərəbistanı fəallıq göstərib. ABŞ Alyaskadan gündə 2 mln. barel neft hasil etməyə başladı. Ümumiyyətlə, Birləşmiş Ştatlar 1977-1983-cü illərdə neft idxalını 46,5%-dən 28%-ə endirdi. ABŞ Venesuela, Meksika, Nigeriya, Norveç və Kanadadan idxal edilən neftin hesabına Yaxın Şərq ölkələrindən asılılığını azaldı. 1982-ci ildə Birləşmiş Ştatlar Liviyadan neft idxalından imtina etdi.
1980-1988-ci illərdə İran-İraq müharibəsi neft bazarında vəziyyəti daha da acınacaqlı hala saldı. SSRİ bu münaqişədən bəhrələnərək daha çox silah və neft satacağını hədəfləsə də, buna nail ola bilmədi. Həmin hadisə sovetlərin çöküşünü sürətləndirdi.
Birinci Körfəz müharibəsi - kod adı “Səhrada Fırtına” Hərəkatı 1990-cı il avqustun 2-də İraqın Küveyti işğal etməsilə dünya siyasəti və iqtisadiyyatında yeni böhran yarandı. 1991-ci ilin müharibəsi ərəfəsində başlıca antihərb şüarı belə idi: “Neft üçün qan tökməyin!” 1991-ci ilin müharibəsində İraq qüvvələri geri çəkilərkən Küveytin neft quyularına od vurmuşdu. Birləşmiş Ştatların və onun müttəfiqlərinin bu münaqişəyə müdaxiləsinin əsas motivi Küveyt neftinin təhlükəsizliyini təmin etmək və həmçinin Səddam Hüseynin bu neftə sahiblənməsinin qarşısını almaq idi. ABŞ və müttəfiqləri Küveyti Səddam Hüseyndən azad edib onun hakimiyyətinin sona çatmasını sürətləndirdi, ABŞ-ın bölgəyə girməsinə səbəb oldu.
Moskva Türkiyəni Rusiyanın hərbi təyyarəsini vurmaqla özünün neft təchizatı xəttini İŞİD-dən qorumaq cəhdində ittiham etdikdən sonra neft bir daha müharibə səhnəsində peyda olub. Biz neftin bu və İkinci Dünya müharibəsinədək başqa münaqişələrdə oynadığı rola nəzər yetirmişik.
2003-ci ildə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın İraqa girməsi ilə yeni iqtisadi böhran yarandı. Səddam Hüseyni devirdikdən sonra ABŞ, demək olar ki, İraq neftinə nəzarəti ələ keçirə bildi. Düzdür, terrorçu İŞİD qruplaşması bir müddət bu istiqamətdə problem yarada bildi. Ancaq hazırda İraq neftinin hasilatı və nəqli daha çox ABŞ-ın nəzarəti altındadır.
2008-ci ildə dünya yeni iqtisadi böhranla üzləşdi. Bu neftin qiymətinin artmasına səbəb oldu. “Qara qızıl”ın qiymətinin qalxması 2015-ci ildə yeni maliyyə böhranına səbəb oldu.
İranın mövcud iqtisadiyyatı böhran vəziyyətindədir. Bunun da başlıca səbəbi ölkənin neft sektoruna sanksiyanın tətbiq edilməsidir. İran krallıqla neft bazarında uzun müddətdir düşmənçilik səviyyəsində rəqabət aparır. Bu mübarizə hələlik Tehranın ziyanınadır.
Hadisələrdən belə qənaətə gəlmək olar ki, Səudiyyə Ərəbistanı neft bazarının “ağır artilleriyası”dır. Son 60 ildə baş verənlərdə onun aparıcı rolda oynadığı görünür. ABŞ müttəfiqi olan neft hasilatçıları, o cümlədən krallıq dünyanın bir qütbünün, SSRİ-nin çökməsi və dünya xəritəsindən silinməsində əsas rollardan birini oynadılar. Çində baş qaldıran koronavirus və yenə Səudiyyə Ərəbistanının başçılıq etdiyi neft hasilatçıları dünya iqtisadiyyatı, maliyyə sisteminin hərarətini qaldırıb. Ehtimal etmək olar ki, Çinin koronavirus bəlasından qurtulub əvvəlki mövqeyini bərpa etməsi bir müddət çəkəcək. Bəzi hesablamalara görə, bu infeksiya ölkə iqtisadiiyatına 150 mlrd. ABŞ dolları, dünya iqtisadiyyatına isə 2,7 trln. ABŞ dolları ziyan vurub. Koronavirus daha çox Çin iqtisadiyyatına problem yaradıb. Neftin indiki qiyməti hansı iddialı dövləti və hakimiyyəti qiymətdən salacaq? Başqa sözlə, dünya yeni siyasi dəyişikliklə üz-üzədir. Çünki iqtisadiyyat bazis, neft və ABŞ dolları isə onun vuran əlidir.
Report