ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar Cənub Qaz Dəhlizi layihəsinə aid olmayacaq.
FED.az-ın məlumatına görə, bu barədə "S&P Global Platts" agentliyi ABŞ Prezidenti Donald Trampın müvafiq qərarına istinadən açıqlama yayıb.
Məlumatda bildirilir ki, BP Cənub Qaz Dəhlizi üçün təbii qaz mənbəyi olan Azərbaycanın “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinə sanksiyaların şamil olunmaması məqsədilə icazə almaq istəyib. İranın “NICO” şirkəti isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsində 10 faiz paya malikdir.
Bildirilir ki, ABŞ-ın noyabrın 4-dən qüvvəyə minəcək enerji sahəsinə aid yeni sanksiyaları İranla biznesi davam etdirən şirkətlərə aid olacaq.
Məlumatda qeyd edilir ki. D.Trampın qərarında “təbii qaz layihəsi istisna olunur” ifadəsi işlədilir ki, bu da Cənub Qaz Dəhlizini nəzərdə tutur.
Qeyd edək ki, avqustun 7-də ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yenidən qüvvəyə mindiyi barədə fərman imzalayıb.
Fərmana əsasən sanksiyaların birinci mərhələsində İranın beynəlxalq valyuta bazarlarına çıxışı məhdudlaşdırılır, habelə bu ölkənin qızıl və digər qiymətli metallarla ticarət aparmasına məhdudiyyətlər qoyulur. Sanksiyaların ikinci mərhələsi isə noyabrda qüvvəyə minir və həmin mərhələdə İrandan neft idxalına qadağa qoyulacaq, habelə İranla ortaq layihələrdə işləyən enerji şirkətləri sanksiyaların təsiri altına düşəcək.