“Birliyin səlahiyyətləri çərçivəsində sahibkarların problem və təkliflərinin həlli istiqamətində onlara köməklik ediləcək”.
FED.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov “Açıq mikrofon” aksiyası çərçivəsində Zaqatala şəhərində sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı bildirib.
Çıxış edən sahibkarlar istehlak etdikləri təbii qazın həcminə görə yaranan borcun araşdırılmasını xahiş ediblər. Bəzi sahibkarlar isə yaranan borcun ödənişində göstərilən dəstəyə görə Birlik rəhbərliyinə təşəkkür ediblər.
Aksiyaya sahibkarlarla yanaşı, Çobankol, Yuxarı Çardaxlar, Suvagil, 3-cü Tala kəndlərinin və şəhər ərazisində salınan yeni yaşayış massivinin sakinləri də qatılıb. Onlar yaşadıqları ərazinin qazlaşdırılmasını xahiş ediblər. Görüşdə Birliyin digər məsul şəxsləri, Birlik yanında yaradılan İctimai Şuranın üzvləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri də iştirak ediblər.
Daxil olan bütün müraciətlərlə bağlı istər sahibkarlara, istərsə də vətəndaşlara yerindəcə izahatlar verilib və onların müraciətləri Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunması üçün qeydiyyata alınıb.
Baş direktorun müvafiq qərarına əsasən daxil olan müraciətlərin həllinə baxılacaq.