2020-ci ildə “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 18,1 milyard standart kubmetr qaz və təqribən 3,6 milyon ton (29 milyon barrel) kondensat hasil edilib.
Eləcə də bax: “BP-Azərbaycan”dan “Biznes əməliyyatları 2020” - Hesabatı
FED.az xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdən çoxdur.
İl ərzində “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.
Ötən il “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard dollardan çox əməliyyat və 942 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.
Qeyd edək ki, dekabrın 31-də “Şahdəniz” yatağından ilk dəfə olaraq Avropaya Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə kommersiya qaz nəqli başlanıb. CQD “Şahdəniz” yatağından başlayır və “Şahdəniz”dən Avropa bazarlarına qaz nəqlinin başlanması Azərbaycandan Avropaya uzanan 3500 kilometr uzunluğunda CQD qaz dəyər zəncirinin tam inteqrasiya olunduğunu bildirir. Bu mühüm nailiyyət nəticəsində “Şahdəniz” Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı mənbəyinə çevrilib. (Azərtac)