Cari ilin I yarısında “Şah-dəniz” yatağında təbii qaz hasilatı 8,4 milyard kubmetr təşkil edib ki, bu da 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 68% çoxdur.
FED.az-ın "CaspianBarrel"-ə istinadən məlumatına görə, “BP-Azerbaijan” şirkətinin (layihənin operatoru) rüblük hesabatında bildirilir ki, yataqdan bundan əlavə təqribən 2 milyon ton (14,4 milyon barrel) kondensat hasil edilib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 60% artım deməkdir.
Eləcə də bax: BP "Şəfəq-Asiman" yatağı üzrə işlərin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə təsir - SƏNƏDİNİ TƏQDİM EDİR
Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağında hasilat başlayandan (2006-cı ilin noyabrından) indiyədək 108 milyard kub metrdən çox təbii qaz və 27 milyon ton kondensat hasil edilib.
Qeyd edək ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir.
Cari ildə “Şahdəniz” üzrə fəaliyyətlərə 376 milyon dollar əməliyyat və 555 milyon dollardan çox əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), AzŞD (10 faiz), “SGC Upstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz) və “TPAO” (19 faiz).