Ukrayna ordusunun Rusiyanın neft emalı infrastrukturuna endirdiyi uğurlu zərbələr nəticəsində ölkənin bir çox regionunda yanacaq satışına məhdudiyyətlər tətbiq olunujr, neft məhsulları bahalaşır və yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Rusiyanın Voloqda vilayətində də yanacaq limitlə satılmağa başlayıb. Vilayətin qubernatoru Georgi Filimonov bildirib ki, ölkənin bir neçə regionunda yanacaqla bağlı ajiotaj yaşandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, yanacaqdoldurma məntəqələrində növbələrə və spekulyasiya riskinə səbəb olur.
Filimonov Voloqdada yanacaq çatışmazlığının olmadığını, eləcə də vilayətə benzin və dizel yanacağı tədarükü ilə bağlı vəziyyətin nəzarət altında olduğunu söyləsə də, “Lukoyl” şirkətinin ölkə üzrə yanacaqdoldurma məntəqələrində bir sıra məhdudiyyətlər tətbiq etdiyini diqqətə çatdırıb.
Tətbiq olunan məhdudiyyətə əsasən, avtomobillər üçün maksimum 30 litr benzin və 60 litr dizel yanacağının satılmasına icazə verilir. Bidonlarla yanacaq satışı dayandırılıb. Trassların kənarında yerləşən yanacaqdoldurma məntəqələrində isə ayrıca limitlər tətbiq olunur: maksimum 30 litr benzin və 200 litr dizel.
Region qubernatoru sabit təchizatı təmin etmək və məhdudiyyətləri aradan qaldırmaq üçün əsas yanacaq təchizatçıları ilə əlaqə saxladığını açıqlayıb. O həmçinin region sakinlərinə nəqliyyat vasitələrinə lazım olduqda yanacaq doldurmağı, süni ajiotaj yaratmamağı və yalnız rəsmi məlumatlara etibar etməyi tövsiyə edib.
Xatırladaq ki, "Reuters" agentliyinin məlumatına görə, ötən həftə Rusiyada benzin istehsalı 2025-ci ilin iyun ayının orta sutkalıq göstəricisi ilə müqayisədə təxminən 25% azalıb. Eyni zamanda, iyunun ilk yarısında Rusiya neft məhsullarının dəniz yolu ilə ixracında da 15%-lik geriləmə qeydə alınıb.














