Rusiya dizel yanacağının ixracına tamamilə qadağa qoyub.
FED.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Prezident Vladimir Putinlə hökumət üzvləri arasında keçirilən görüşdə bildirib.
Baş nazirin müavini bildirib ki, "Bu gün dizel yanacağının ixracına qadağa qoyulub və bu, daxili bazara tədarükün artırılmasına imkan verəcək".
Novak iyulun 7-də bildirib ki, yay mövsümündə tələbatın pik həddi və neft emalı zavodlarında planlaşdırılmamış təmir işləri nəzərə alınmaqla Rusiya yanacaq bazarındakı vəziyyət gərgin olaraq qalır. O əlavə edib ki, Nazirlər Kabineti daxili neft məhsulları bazarını tənin etmək üçün əlavə tədbirləri nəzərdən keçirir.
Novak Rusiyadakı yanacaqla bağlı vəziyyətin çətin olduğunu etiraf edib. Onun sözlərinə görə, görülən tədbirlər yanacaq vəziyyətini qismən sabitləşdirməyə kömək edib, "amma ümumiyyətlə, vəziyyət çətin olaraq qalır", - deyə o, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Baş nazirin müavini əlavə edib ki, hökumət hazırda ölkədə olan salamat neft emalı zavodlarını maksimum gücdə işlədir. Bazara ehtiyat yanacaq çıxarmaq və neft emalı zavodlarında davam edən təmir müddətini azaltmaq da qərara alınıb. Planlaşdırılan təmir işləri isə sonrakı vaxtlara təxirə salınıb.














