Rusiya hərbçiləri Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının ilk enerji blokuna daxil olub.
FED.az xəbər verir ki, atəş nəticəsində stansiyada yanğın başlayıb, amma rus qoşunları stansiyanı tanklardan atəşə tutduqlarına görə xilasedicilər yanğının söndürülməsinə başlaya bilmirlər.
"Yanğınsöndürənlər alovlanma yerinə çata bilmir və nəticələri aradan qaldıra bilmirlər - onlar açıq-aşkar atəş açır. Artıq birinci enerji blokunda zərbə var", deyə stansiya rəsmiləri bildirib.
Qeyd edək ki, Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır, dünyada ilk 10- böyük stansiya arasındadır və Çernobıl stansiyasından dəfələrlə güclüdür. Burada baş verəcək qəza təkcə onun yerləşdiyi şəhər və Ukrayna üçün deyil, bütün region üçün təhlükə yaradır.
Stansiyadakı hadisə ilə bağlı prezident Zelenski xalqa və Avropa ölkələrinin rəhbərlərinə video müraciət edib.
O qeyd edib ki, indiyədək Rusiyadan başqa heç bir dövlət nüvə enerji bloklarını atəşə tutmayıb: “Avropa oyanmalıdır: Avropanın ən böyük AES-i yanır. Hazırda Rusiya tankları nüvə bloklarını atəşə tutur. Bunlar termal kameralarla təchiz olunmuş tanklardır. Yəni harada atəş açdıqlarını bilirlər. Bunun üçün hazırlaşırdılar”.
Çernobıl hadisəsini xatırladan Zelenski bildirib ki, Çernobılda qəza 1 enerji blokunda olmuşdu, orada isə 6 enerji bloku var.
Zelenski Ukraynanın tərəfdaşları ilə də əlaqə saxladığını bildirib:
“Mən artıq Çarlz Mişellə, Şolzla danışmışam, Duda ilə danışmışam, Prezident Baydenlə danışmışam. Biz İAEA rəhbəri Qrossi ilə, eləcə də Baş nazir Consonla əlaqə saxlamışıq. Biz hamıya xəbərdarlıq edirik, Rusiyadan başqa heç bir ölkə heç vaxt nüvə enerji bloklarına atəş açmayıb. Bu, bizim tariximizdə, bəşəriyyət tarixində ilk dəfədir ki, bir terrorçu dövlət də nüvə terroruna əl atır”.
Zelenski vurğulayıb ki, ukraynalılar AES-i həmişə təhlükəsiz saxlayıblar:
“Rusiya ordusunu dərhal dayandırmalıyıq! Partlayış olarsa, bu, hər şeyin sonu, Avropanın sonu olacaq! Bu, Avropanın boşaldılmasıdır! Yalnız Avropanın təcili hərəkəti dayandıra bilər. Avropanın AES-dəki fəlakətdən ölməsinə imkan verməyin!”.
Dövlət başçısı əlavə edib ki, stansiyada yanğının necə başa çatacağı məlum deyil.
Qeyd edək ki, hazırda AES-in atəşə tutulan enerji bloku təmirdə olsa da, burada nüvə yanacağı var: "Nüvə yanacağı nüvə reaktorunun içərisindədir. Hələlik boşaldılmayıb. Üstəlik, mərkəzi zalda nüvə yanacağının doldurulması və saxlanması hovuzu da var. Bu hovuzda da uran və nüvə yanacağı olan birləşmələr var", - deyə o, təhlükənin olduğunu vurğulayıb.