Qərbin aparıcı neft-qaz şirkətləri və bəzi ölkələri Rusiya neft-qazından imtinaya başlayıblar.
FED.az xəbər verir ki, ilk növbədə «Shell» və «BP» şirkətləri Rusiyadan neft alışını dayandırır.
«Shell» Rusiyadan spot xam neft alışını dayandıracağını açıqlayıb. Şirkət həmçinin Rusiya boru kəməri qazı və LNG alışından geri çəkiləcəyini açıqlayıb. Qeyd edək ki, bir çox qlobal şirkətin Rusiyaya qarşı sanksiya tədbirlərinə qatıldığı bir vaxtda Shell şirkəti bir neçə gün əvvəl Rusiyadan endirimli neft alışları ilə dünya ictimaiyyətini təəccübləndirmişdi. İndi isə rus neft-qazından imtina başlayıb.
«Shell», hökumət qaydalarına uyğun olaraq, xam neft, neft məhsulları, qaz və LNG daxil olmaqla, Rusiya karbohidrogen məhsullarının alışını tədricən dayandıracağını açıqlayıb. Xatırladaq ki, şirkət Rusiyanın Ukraynaya hücumundan sonra 28 fevral 2022-ci ildə ölkədəki layihələrdən çəkilmək qərarına gəldiyini də açıqlamışdı.
Neft şirkətləri ilə yanaşı, İtaliya da Rusiya qazından imtina edəcəyini açıqlayıb. Bu ölkənin ekoloji modernizasiya və transformasiya naziri Roberto Çinqolani bildirib ki, qarşıdakı 24-30 ay ərzində rusiya qazından tamamilə imtina edə biləcək. O bildirib ki, İtaliya Rusiyadan hər il 29 milyard kubmetr qaz alır və bu – ölkənin tələbanının 40%-dən bir qədər artıqdır.
«Bizim vəzifəm iz bu qazı başqa mənbələrlə əvəz etməkdir. Hazırda biz yeni infrastrukturun yaradılması və uzunmüddətli müqavilələr üzərində işləyirik», - deyə Çinqolani italyan televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, təcili tədbirlər hesabına yaxın gələcəkdə qazın 15-16 milyard kubmetrlik hissəsi başqa mənbələrlə əvəz ediləcək».