Serbiya 2023-cü ildə tələb olunan qaz miqdarının 40%-ə qədərini Rusiyadan deyil, digər təchizatçılardan ala biləcək.
Eləcə də bax: Avropa Azərbaycandan 20 milyard kubmetr qaz alır - BÖYÜK MÜQAVİLƏ İMZALANACAQ
FED.az xəbər verir ki, bu sözləri cümə axşamı günü baş nazirin müavini, respublikanın mədən və energetika naziri Zorana Mixayloviç "Happy" kanalına müsahibəsində deyib.
"Gələn il biz qazın ən azı 30-40%-ni digər tədarükçülərdən ala biləcəyik və biz artıq Azərbaycanın Energetika Nazirliyi ilə danışıqlar aparırıq", - Mixayloviç bildirib.
Onun sözlərinə görə, Serbiya 2023-cü ilin sentyabrında Niş-Dimitrovqrad qaz kəmərinin tikintisini başa çatdıracaq, bu kəmər vasitəsilə Serbiyaya digər təchizatçılardan, ilk növbədə Azərbaycandan və Yunanıstandakı LNG terminalından qaz nəql oluna bilər. Mixayloviç vurğulayıb ki, hazırda dövlət kifayət qədər qazın verilməsi üçün hər şeyi edir.
Bundan əvvəl ABŞ hakimiyyəti Serbiyanı Rusiya qazına alternativ axtarmağa çağırmışdı.
Mayın 29-da Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı qaz müqaviləsinin əsas məsələlərini razılaşdırdığını bildirib. Onun sözlərinə görə, müqavilə 3 il müddətinə imzalanacaq, qazın qiyməti 1000 kubmetr üçün 310-408 dollar civarında olmalıdır. Vuçiç qeyd edib ki, bu qiymət Avropada ən yaxşı qiymətdir, lakin daha 800 milyon kubmetr qazın alınması məsələsi açıq qalıb. (Marja)