Rusiya prezidenti Vladimir Putin Rusiya neftinin qiymətinin yuxarı həddini təyin etmək üçün cavab tədbirləri haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən, Rusiya neftinə qiymət tavanı tətbiq etmiş ölkələrə neft və neft məhsullarının satışı qadağan ediləcək. Bundan başqa, sənədə əsasən, əgər müqavilədə tavan qiyməti mexanizmi nəzərdə tutulubsa, neftin xarici alıcılara tədarükü qadağandır.
Eyni zamanda, neftin qiymətinə tavan tətbiq edən ölkələrə Rusiyadan neft və neft məhsullarının tədarükü yalnız xüsusi icazə əsasında mümkün olacaq.
Mətndə qeyd olunur ki, tədbirlər “ABŞ-ın və onlara qoşulmuş xarici dövlətlərin və beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqa zidd hərəkətləri ilə əlaqədar” və Rusiyanın milli maraqlarını qorumaq məqsədilə tətbiq edilib.
Fərmana əməl olunmasına nəzarət Rusiya Federasiyasının Energetika Nazirliyinə həvalə edilib.
Sənəd 2023-cü il fevralın 1-dən qüvvəyə minir və 2023-cü il iyulun 1-dək davam edəcək.
Xatırladaq ki, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Rusiya gələn il ən azı 490-500 milyon ton neft hasil edə biləcək.
Qeyd edək ki, G7 ölkələri və Avstraliya Rusiya neftinin barrel üçün 60 dollardan yüksək qiymətə nəqlindən və sığortalanmasından imtina ediblər.