Rusiya ilə Səudiyyə Ərəbistanı qlobal neft bazarındakı vəziyyətlə bağlı OPEC və digər istehsalçılarla əlavə tədbirlər görə bilər.
Eləcə də bax: OPEC qlobal neft tələbatının son 30 ilin ən aşağı səviyyəsinə enəcəyini gözləyir
FED.az xəbər verir ki, Rusiyanın Energetika naziri Aleksandr Novak ilə Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz bin Salman arasında telefon danışığı olub. Nazirlər neft bazarındakı son vəziyyəti müzakirə edib, hasilatın azaldılması ilə bağlı razılaşmaya riayət olunduğu bildiriblər.
Hər iki nazir zərurət olduqda OPEC və digər istehsalçılarla əlavə tədbirlər görməyə hazır olduqlarını qeyd ediblər.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.
“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılıb.
Azərtac