Rusiyanın neft şirkətləri 2017-ci ildə ixracın həcmini artırmağı planlaşdırır. "TASS" agentliyinin verdiyi xəbərə görə, bunu jurnalistlərə Rusiyanın energetika nazirinin müavini Kirill Molodtsov bildirib: “Bu il 253,5 mln. ton ixrac planlaşdırılır ki, bu da 2015-ci ildəkindən 4,8% çoxdur. 2017-ci ildə isə bu həcm bir qədər də artıq olacaq”.
Nazir müavininin sözlərinə görə, boru kəmərləri sistemi ixracı artırmağa imkan verir, lakin çox şey hasilatın azaldılması ilə bağlı OPEC və bir neçə qeyri-OPEC ölkələri ilə razılaşmanın yerinə yetirilməsi mexanizmindən asılı olacaq.
O, həmçinin qeyd edib ki, Rusiyanın neft-qaz şirkətləri gələn il neft emalının həcmini 2,5% azaldaraq 270 mln. ton həcmində planlaşdırır. Nazir müavini bu il gözlənildiyi kimi neft emalının 277 mln. ton olacağını bildirib.
K.Molodtsovun proqnozuna görə, Rusiya 2017-ci ildə benzin istehsalını 39,8 mln. tona qədər, dizel yanacağının istehsalını isə 70 mln. tondan çox artıracaq: “Mazut istehsalı isə gələn il azalmağa davam edəcək və onun istehsalı 2 mln. ton yaxud daha çox azalacaq”.