Rumıniyada SOCAR-ın 67-ci yanacaqdoldurma məntəqəsi istifadəyə verilib Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində SOCAR-ın Rumıniyada daha bir yanacaqdoldurma məntəqəsi (YDM) fəaliyyətə başlamışdır.
SOCAR-dan FED.az-a verilən məlumata görə, ölkənin əsas turizm mərkəzlərindən olan Sibiu regionunun eyni adlı şəhərində, Sibiu Beynəlxalq Hava limanı yaxınlığında yerləşən məntəqə bu regionda müştərilərin ixtiyarına verilən sayca 4-cü, ümumilikdə isə Rumıniya ərazisində açılmış 67-ci “SOCAR” brendli YDM-dir.
Yeni məntəqədə quraşdırılmış 3 sayğac 4 kiçik və 2 böyük avtonəqliyyat vasitəsinin eyni anda yanacaqla təmin olunmasına imkan verir. Burada “NANO 95” və “NANO 98” (benzin), “NANO Dizel” və “NANO Super Dizel” tipli yanacaq məhsullarının, habelə maye qazın (LPG) satışı həyata keçirilir. Məntəqədə avtoyuma və elektromobillər üçün şarj cihazı quraşdırılmış, avtomobillərin salonlarının təmizlənməsi üçün tozsoran aparatı da qoyulmuşdur.
Məntəqə ərazisindəki "Nar" kafesində yerli və Azərbaycandan gətirilmiş məhsulların satışı həyata keçirilməkdədir. SOCAR-ın Rumıniya üzrə bütün YDM-lərində olduğu kimi, burada da “Azərbaycan guşəsi” yaradılmışdır. Monitorlarda mütəmadi olaraq Azərbaycanın təbliği istiqamətində video-çarxlar nümayiş etdirilir.
Hazırda Rumıniyanın 26 regionunda “SOCAR” brendi ilə çalışan 67 yanacaqdoldurma məntəqəsinə malik şirkətimiz təsdiq etdiyi strateji inkişaf planına uyğun olaraq qarşıdakı ildə də bu ölkədəki YDM şəbəkəsini genişlənidməkdə davam edəcək. Xatırladaq ki, SOCAR Rumıniyadakı fəaliyyətini 2011-ci ildə yaradılmış “SOCAR Petroleum SA” şirkəti vasitəsi ilə həyata keçirir.