Rumıniya hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinə və bu layihə üzrə Məşvərət Şurasının qarşıdan gələn iclasına yüksək dəstəyini ifadə edib.
Energetika Nazirliyindən FED.az-a verilən məlumata görə, Rumıniya hökuməti adından bu ölkənin energetika naziri Toma-Florin Petku tərəfindən Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlanıb. Məktubda deyilir ki, Rumıniya hökuməti 23 fevral 2017-ci il tarixində Bakıda keçiriləcək “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü görüşünü dəstəkləyir və bu formatda əməkdaşlıqda əldə edilən nailiyyətləri yüksək qiymətləndiririr: “Rumıniya əmindir ki, “Cənub Qaz Dəhlizi” həm qaz mənbələri, həm də nəql marşrutlarının diversifikasiyası vasitəsilə Avropanın enerji təhlükəsizliyini artırmaq üçün ən ardıcıl seçim olaraq qalır”.
Rumıniyanın Azərbaycan və Xəzər qazının Avropa qaz bazarına daxil olmasını asanlaşdırmaq üçün Avropa İttifaqı, Azərbaycan və layihə iştirakçıları arasındakı səmərəli əməkdaşlığı dəstəkləməkdə davam edəcəyi, bu məqsədlə Buxarestin BRUA layihəsinin və Vertikal Qaz dəhlizlərinin həyata keçirilməsindən ibarət regional enerji siyasətini təşviq etdiyi qeyd edilib. Bildirilir ki, hər iki təşəbbüs AB-nin strateji prioritetləri olan bazar inteqrasiyası və təchizat diversifikasiyasından irəli gəlir. “Cənub Qaz Dəhlizi”nin Avropa seqmentinə tamamilə uyğundur.
Bundan başqa, məktubda Azərbaycanın aparıcı regional qaz istehsalçısı rolu, TSO şirkəti və SOCAR arasında tərəfdaşlıq münasibətləri təqdir edilərək, əməkdaşlığın dərinləşdirilməsində Rumıniyanın maraqlı olduğu qeyd edilib. Toma-Florin Petku Natiq Əliyevi ikitərəfli və regional layihələrin müzakirəsi və əməkdaşlığın inkişafına töhfə məqsədilə Rumıniyaya səfərə dəvət edib.
Rumıniya “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasını dəstəkləyir
12:54
20 Fev 2017