Azərbaycan və Səudiyyə Ərəbistanıın "ACWA Power" şirkəti arasında 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatdığı müzakirə edilib.
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovun "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Mohammad Abunayyan ilə görüşündə aparılıb.
Görüşdə "ACWA Power" Azərbaycanın enerji sektorunda mühüm tərəfdaşı kimi qiymətləndirilib və bu əməkdaşlığın Səudiyyə Ərəbistanı ilə qardaşlıq əlaqələrinin bariz göstəricisi olduğu vurğulanıb.
Hazırda şirkətlə birgə həyata keçirilən və strateji əhəmiyyət daşıyan "Xızı-Abşeron" Külək Elektrik Stansiyası və dəniz suyunun duzsuzlaşdırılması layihələrinin əhəmiyyətindən bəhs edilib. Külək elektrik stansiyasının tikintisinin və şəbəkəyə qoşulmasının uğurla başa çatdığı və bu prosesdə birgə əməkdaşlığın rolu qeyd olunub.
Görüş zamanı Qara dəniz, Avropa, Mərkəzi Asiya və Naxçıvan marşrutları üzrə elektrik enerjisi interkonnektorları layihələrinin icra vəziyyəti, həmçinin Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığı arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Şirkətlə elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi istiqamətində də əməkdaşlıq perspektivləri dəyərləndirilib.
***
Azərbaycan və Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlıq müzakirə edib.
Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.
"ACWA Power"in İdarə Heyətinin sədri Mohammad Abunayyanla 240 MVt-lıq Xızı Abşeron Külək Elektrik Stansiyası layihəsinin tamamlanması, həmçinin elektrik enerjisinin istehsalı ilə yanaşı, ötürülməsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr apardıq",-deyə nazir qeyd edib.









