"SOCAR Polymer" şirkəti 2023-cü ilin ilk üç rübü ərzində məhsul ixracını ötən ilin analoji dövrü ilə müqayisədə 63 faiz artırıb.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin məlumatlarına görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində şirkətin ixracı 231,6 milyon ABŞ dolları olub ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 85,3 milyon dollar çoxdur.
Qeyd edək ki, "SOCAR Polymer" MMC dövlət şirkətləri tərəfindən ixrac edilən qeyri-neft məhsullarının dəyərinə görə ilk onluqda üçüncü yerdədir.
"SOCAR Polymer" MMC Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biri olmaqla park ərazisində polipropilen və polietilen istehsal edir. Şirkətdə istehsal edilən məhsullar "Made in Azerbaijan" brendi altında 10-dan çox ölkəyə (Çin, Polşa, Nigeriya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rusiya və Ukrayna) ixrac olunur. (Trend)