Böyük Britaniyanın Azərbaycana və Mərkəzi Asiyaya Ticarət Nümayəndəsinin səfəri çərçivəsində keçirilən Yaşıl Enerji Tədbiri zamanı, "SOCAR Green" və "Rapid Solutions" Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin obyektlərində enerji səmərəliliyinin artırılması məqsədilə müqavilə imzalayıblar.
Bu barədə FED.az "SOCAR Green"in məlumatına istinadən xəbər verir.
Müqavilə SOCAR Green-in Baş Direktoru Elmir Musayev və Rapid Solutions-in Direktoru Howard Lyn tərəfindən imzalanıb.
"Əməkdaşlıq texniki analizləri, enerji qiymətləndirmələrini və səmərəlilik tədbirlərinin tətbiqini əhatə edəcək və bu, SOCAR Green-in davamlılıq və əməliyyat mükəmməlliyinə verdiyi önəmi əks etdirir",- "SOCAR Green"dən bildirilib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və "SOCAR Green" MMC arasında əməkdaşlıq çərçivəsində enerji effektivliyi müqaviləsi və niyyət razılaşması imzalanıb. Əməkdaşlıq çərçivəsində enerji effektivliyi tədbirlərinin təşkili, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, həmçinin birgə iş planının hazırlanması və müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
"Rapid Solutions" – elektrik, instrumentasiya, hidravlik, mexaniki, telekommunikasiya xidmətləri və əlaqəli texniki təlim sahələrində qlobal xidmət göstərən şirkətdir. Şirkətin Baş ofisi Böyük Britaniyadadır.














