SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl" hidrogen layihələrində iştirak edir.
FED.az xəbər verir ki, bunu SOCAR-ın Ətraf mühit ilə bağlı məlumatların açıqlanması və əlaqələrin idarə edilməsi departamentinin rəisi Mustafa Qurbanlı Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı deyib.
O bildirib ki, SOCAR 2030-cu ilədək məişətdə yanacaqdan istifadəni sıfıra endirməyə çalışacaq:
"Bununla bağlı SOCAR öz emissiyalarında ölçmələr edir. Dekarbonizasiya mərhələsində azalmanı təmin etməyi hədəfləmişik. SOCAR-da yeni seqmentlər yaradılıb, yeni bizneslərin yaradılması istiqamətində işlər görülür. Külək, günəş, "yaşıl hidrogen" məsələləri araşdırılır".
SOCAR, "Azərbaycan İnvestisiya Şirkəti və BP 2025-ci ilin sonuna kimi 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsini həyata keçirilməsini planlaşdırır: "Eyni zamdan SOCAR aparıcı qlobal şirkətlərlə birgə Azərbaycanda həyata keçirilən irimiqyaslı bərpa olunan enerji və "yaşıl hidrogen" layihələrində iştirak edir" - deyə o əlavə edib.
"Gələcək planlara ixrac üçün yaşıl gübrənin istehsalı daxildir" - deyə o bildirib.
Bundan başqa Mustafa Qurbanlı qeyd edib ki, SOCAR İsveçrə "EW Höfe" və "Alpiq" şirkətləri ilə birgə İsveçrədə illik gücü 10 MVt olan elektroliz zavodunun tikintisi üzrə pilot layihənin həyata keçirilməsini planlaşdırır.