İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Şəfəq (Cəbrayıl) Solar Limited" Şirkətinin Azərbaycandakı nümayəndəliyini dövlət qeydiyyatına alıb.
FED.az Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Cəbrayıl rayonu, Cəbrayıl-Minbaşı yolu, 6-cı kilometr, qanuni təmsilçisi isə Böyük Britaniya vətəndaşı Counz Robert Qəridir.
O, bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentidir.
Xatırladaq ki, ötən il iyunun 4-də Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. “Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir. (Report)