Türkiyənin qaz bazarına 2007-ci ildən indiyə kimi Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından 85 mlrd. kubmetrdən çox təbii qaz ötürülüb.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, qardaş Türkiyəyə 2018-ci ilin iyul ayından bu ilin dekabr ayınadək Trans-Anadolu boru kəməri ilə (TANAP) 13,6 mlrd. kubmetr təbii qaz nəql olunub.
"Bu ilin 11 ayı ərzində Türkiyəyə nəql olunmuş 7,7 mlrd. kubmetr təbii qazın 5,1 mlrd. kubmetri TANAP-ın payına düşüb", - nazir qeyd edib.
Nazir çıxış zamanı "STAR" Neft Emalı Zavodu, "Petkim" kimi layihələrin timsalında Azərbaycanın Türkiyədəki investisiya fəaliyyətinə də toxunub: "Azərbaycanın Türkiyədəki sərmayəsi 19 mlrd. dollardan çoxdur. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər".