Bu ilin yanvar-sentyabr aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından təqribən 16 mlrd. kubmetr qaz hasil edilib ki, bu da illik müqayisədə 20,3% çoxdur.
Eləcə də bax: BP-Azərbaycan-dan Biznes əməliyyatları - HESABATI
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin ilk doqquz ayının yekunlarına dair dərc etdiyi hesabata görə, hesabat dövrü yataqda təqribən 3 mln. ton (24 mln. barel) kondensat hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,1% çoxdur.
Məlumata əsasən, hasilat "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından aparılıb.
Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 70 mln. (ildə 25 mlrd. artıq) standart kubmetrdir, bud a illik müqayisədə 25% artım deməkdir.
Hesabata əsasən, ilin üç rübündə "Şahdəniz" üzrə fəaliyyətlərə 1,57 mlrd. ABŞ dolları yaxın əməliyyat xərcləri və 524 mln. dollar əsaslı xərclər çəkilib. Xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aid olub.
Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.