Yaxın Şərqdə vəziyyətin daha da gərginləşməsi neftin qiymətinin bir barel üçün 300 dollara qalxmasına səbəb ola bilər.
FED.az xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Yohan Vadeful ilə telefon danışığında bildirib.
İraqlı nazirin sözlərinə görə, regionda münaqişənin davam etməsi və Hörmüz boğazının bağlanması iqtisadi şoklara səbəb ola bilər. Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması İraqdan və Fars körfəzindən gündə 5 milyon ton neftin itirilməsinə səbəb ola bilər.
Diplomat izah edib ki, hərbi əməliyyatlar baş verərsə, neftin qiyməti 200-300 dollar/barelə qədər qalxa bilər.
Öz növbəsində Vadeful bildirib ki, Almaniya İraqın bu konfliktə cəlb olunmaması üçün çalışır: «Biz İraq üçün sabitlik və təhlükəsizlik istəyirik» - deyə nazir deyib.
Xatırladaq ki, İsrailin İrana zərbələrindən sonra rəsmi Tehran Hörmüz boğazının bağlaya biləcəyini istisna etməyib. İyunun 14-də iranlı deputat İsmayıl Kousari deyib ki, Tehran dünya neftinin 20%-nin axdığı Hörmüz boğazını bağlamağı istisna etmir. O bildirib ki, əgər ölkə hakimiyyəti belə bir qərar qəbul edərsə, İran bunu “tərəddüd etmədən” edəcək. Bu boğazdan dünyadakı neftin 20%-i, sıxılmış qazın isə 30%-i keçir. İsrailin hücumundan sonra dünyada neftin qiyməti 13% artaraq 78,5 dollara yüksəlib.
Rusiyalı senator Aleksey Puşkovun fikrincə, boğazın bağlanması neftin qiymətinin kəskin şəkildə - bir barel üçün 130 dollara qədər artmasına gətirib çıxaracaq.