"Moody's Investors Service" ("Moody's") şirkəti SOCAR-ın (şirkətin tabeliyində olan müəssisələr) korporativ, defolt və üstün hüquqa malik təminatsız notlar üzrə reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib.
Eləcə də bax: “Moody’s”: Neft bu qiymətdən yuxarı olduqda - ARDNF-in Aktivləri Böyüyə Bilər
FED.az xəbər verir ki, dövlət neft şirkətinin baza kredit ödəmə qabiliyyəti reytinqi isə "b1" səviyyəsində təsdiqlənib. Şirkət həmçinin SOCAR-ın reytinqləri üzrə proqnozunu "stabil"dən "müsbət"ə yüksəldib. "Moody's" bildirir ki, bu yaxşılaşdırma Azərbaycanın reytinqləri üzrə proqnozunu artırılmasından irəli gəlir. Reytinqlərin sözügedən səviyyədə təsdiqlənməsi isə SOCAR-ın dövlətlə möhkəm kredit əlaqələrini, habelə Azərbaycanın iş və makroiqtisadi mühitinin təsirini əks etdirir. Agentliyə görə, ölkənin monetar və makro siyasət çərçivəsindəki irəliləyişi SOCAR-ın əməliyyat və makroiqtisadi mühitini tədricən yaxşılaşdıraraq şirkətin kredit profilini dəstəkləyəcək.
Qeyd edək ki, "Moody's"in qiymətləndirməsinə əsasən, SOCAR-ın kredit ödəmə qabiliyyəti reytinqinin "b1" səviyyəsində təsdiq olunması şirkətin Azərbaycanın neft-qaz sektorunda və milli iqtisadiyyatdakı əsas rolunu, stabil karbohidrogen istehsalı həcmlərini, "Moody's"in SOCAR-ın kredit göstəricilərinin 2021-ci ildə neft və qaz qiymətlərindəki bərpa ilə əlaqədar olaraq yaxşılaşacağını gözləməsini, əhəmiyyətli vəsait balansını, rahat borc ödəmə qrafiki ilə dəstəklənən şirkətin adekvat likvidliyini və xeyli ehtiyatı olan və ehtiyac olduqda şirkətə maliyyə dəstəyi verə biləcək vəziyyətdə olan Azərbaycan dövləti ilə sıx əlaqələrini əks etdirir.
Xatırladaq ki, "Moody's" Azərbaycanın emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsində təsdiqləyib və ölkənin sözügedən reytinqlər üzrə proqnozunu "stabil"dən "müsbətə" yüksəldib. "Müsbət" proqnoz şirkətin ölkədə idarəetmənin və xüsusilə siyasət effektivliyinin artması üzrə yeni qiymətləndirməsini əks etdirir və bunun dövlətin kredit profilinin dayanıqlığını artıra biləcəyin istisna etmir. (Apa)