Azərbaycanda "Xızı-Abşeron" külək elektrik stansiyasının tikintisi 2025-ci ilin ortalarına qədər davam edəcək.
8 ayda Azərbaycanda yaşıl enerji istehsalı artıb
FED.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında yerləşən "ACWA Power" şirkətinin Mərkəzi Asiya üzrə regional direktoru Abid Malik bildirib.
O, layihə çərçivəsində tikinti işlərinin bu ilin aprelində başladığını və hazırda həm Abşeron, həm də Xızı bölgələrində davam etdiyini xatırladıb.
"Abşeron bölgəsində biz, eyni zamanda, giriş yolları, külək turbinlərinin təməlləri və elektrik yarımstansiyası üzərində işləyirik. Xızı bölgəsində isə giriş yolları və körpülərlə bağlı işlər aparılır. Tikinti işləri ilin sonuna qədər hər iki bölgədə davam edəcək. Abşeron bölgəsində ilk külək turbinlərinin quraşdırılmasına xüsusi diqqət yetiriləcək. Ümumilikdə layihənin tikintisi 2025-ci ilin ortalarına qədər davam edəcək", – A.Malik deyib.
Qeyd edək ki, "Xızı-Abşeron" külək elektrik stansiyası 240 meqavatt gücündə olacaq və Azərbaycanın ilk, Qafqaz bölgəsinin isə ən böyük külək enerji stansiyası olacaq. Stansiya illik 893 geqavatt-saat təmiz enerji istehsal edəcək və karbon emissiyalarını illik 400 000 tondan çox azaldacaq. 25 il müddətinə "tikinti-sahiblik-istismar" (BOO - Build – Own – Operate) prinsipi ilə fəaliyyət göstərəcək və “ACWA Power” tərəfindən idarə ediləcək.
Stansiya iki məkanda - Abşeron rayonunun Zona-1 və Xızı rayonunun Xızı-3 ərazilərində inşa ediləcək, 37 külək turbini optimal külək yığımını nəzərə alaraq yerləşdiriləcək. Layihə Azərbaycanın iqtisadiyyatın diversifikasiyası və enerji sisteminin modernləşdirilməsi məqsədlərini dəstəkləyir və qeyri-neft sektoruna xarici sərmayələrin artırılmasına töhfə verəcək. (Trend)