Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 6 ölkədən ən azı 10 ölkəyə çatdıracaq.
FED.az xəbər verir ki, bunu bu gün Sofiyada Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycan Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyaya, bu ildən başlayaraq isə Rumıniyaya təbii qaz ixrac edir, ilin sonunadək isə Macarıstan və Slovakiya da Azərbaycandan qaz idxal edən ölkələrin sırasına qoşula bilər:
“Bütün zəruri interkonnektorlar yerində olarsa, biz ilin sonunadək Macarıstan və Slovakiyaya qaz tədarükünə başlamağı planlaşdırırıq. Biz Albaniya ilə yerli qaz paylayıcı sisteminin tikintisi ilə bağlı danışıqlar prosesindəyik. Çünki Cənub Qaz Dəhlizi Albaniya ərazisindən keçir. Həmçinin “Həmrəylik Halqası” üzvü olaraq Slovakiya da əminəm ki, tezliklə bizim enerji sahəsində tərəfdaşımız olacaq. Biz qaz tədarükümüzün coğrafiyasını genişləndirərək 6 ölkədən ən azı 10 ölkəyə çatdıracağıq. Mən “ən azı” dedim, çünki düşünürəm ki, bu hekayənin sonu deyil, biz Avropa qaz bazarındakı mövcudluğumuzu daha da genişləndirməyi planlaşdırırıq”.