Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var.
FED.az xəbər verir ki, bu fikri SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan Bakı Enerji Forumundakı çıxışında bildirib.
“Əlavə qaz həcmlərinin daşınması üçün dəhlizin ötürücülük qabiliyyətinin artırılması vacibdir. Bu səbəbdən qarşımızda duran əsas məsələlərdən biri Cənub Qaz Dəhlizinin nəqletmə gücünün artırılmasıdır. Bunun üçün avropalı tərəfdaşlarımızın, alıcılarımızın və beynəlxalq maliyyə qurumlarının dəstəyi önəmlidir. Biz tərəfdaşlarımızla danışıqlar prosesini davam etdiririk. Onu da vurğulamalıyam ki, bu prosesə dərhal başlamaq üçün hazırda əlverişli fürsət mövcuddur”.
SOCAR-ın birinci vitse-prezidenti diqqətə çatdırıb ki, son dövrlərdə qlobal miqyasda apstrim layihələrinə investisiya qoyuluşlarında azalmaların müşahidə olunması səbəbindən hazırda beynəlxalq bazarlarda təkliflər tələbi qarşılaya bilmir, buna görə də apstrim və midstrim layihələrinə investisiyaların artırılması zəruridir.
SOCAR-ın 2035-ci ilə qədər olan Korporativ Strategiyasından bəhs edən R.Nəcəf bildirib ki, SOCAR nümunəvi və ən müasir enerji şirkətlərindən birinə çevrilmək məqsədini qarşıya qoyub: “SOCAR olaraq yalnız neft-qaz layihələrinə deyil, həmçinin bərpa olunan enerji mənbələri, quruda və dənizdə külək enerjisi layihələri və digər aşağı emissiyalı sahələrdə potensial bazar imkanlarını nəzərdən keçiririk. Bizim strategiyamız qısa və ya orta müddətli deyil, uzunmüddətli hədəfləri nəzərdə tutur”.
O qeyd edib ki, SOCAR öz müəssisələrində rəqamsal enerji texnologiyalarının tətbiqinə də üstünlük verir və bunu prioritet istiqamət kimi müəyyənləşdirib.
Neft və qaza olan tələbatın bundan sonra da davam edəcəyini söyləyən Rövşən Nəcəf bununla bərabər olaraq, iqlim dəyişikliyi, bərpa olunan enerji məsələlərinin də diqqətdən kənarda saxlanılmamalı olduğunu vurğulayıb. Bildirib ki, enerji istehsalının bərpa olunan mənbələr hesabına artırılması ilə təbii qaz sərfiyyatı azaldıla və beləliklə, qənaət edilən qaz xarici bazarlara ixrac oluna bilər. (Marja)