"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması iştirakçılarının may ayından etibarən neft hasilatının artırmaq qərarına baxmayaraq, bazarda mülayim defisit davam edəcək.
Eləcə də bax: Azərbaycan gündəlik neft hasilatını - 25 Min Barel Artıracaq
FED.az xəbər verir ki, bu barədə "Fitch" reytinq agentliyinin təbii sərvətlər və xammallar üzrə qrupun direktoru Dmitri Marinçenko bildirib.
Onun sözlərinə görə, bu, istehsalçılar üçün qiymətləri məqbul sayılan 50-60 ABŞ dolları civarında saxlamağa imkan yaradacaq.
Xatırladaq ki, "OPEC+" ölkələri nazirlərinin 15-ci iclasında gündəlik xam neft hasilatının növbəti üç ay ərzində tədricən 1,1 mln. barelədək artırılması ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini verib. "Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artıracaq.
Beləliklə, Azərbaycanın yeni hasilat öhdəlikləri mayda 115 min barel, iyunda 108 min barel, iyulda isə 98 min barel təşkil edəcək. Ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı. Bu çərçivədə 2021-ci ilin yanvarından etibarən hər ay keçirilmiş iclaslarda yanvar ayı üzrə hasilat məhdudiyyətləri fevral, mart və aprel aylarında sabit saxlanmışdır. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 mln. barel, iyunda, 6,2 mln. barel, iyulda isə 5,76 mln. barel müəyyənləşdirilib. (Apa)