"bp-Azərbaycan" 2025-ci ilin birinci rübünün yekunları üzrə Biznes Əməliyyatları Hesabatını dərc edib.
BP-nin gəlirləri 48 faiz azalıb
FED.az hesabatı təqdim edir.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (31,65%), MOL (9,57%), İNPEKS (9,31%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,92%).
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2025-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 115 milyon dollar əməliyyat məsrəfləri və 251 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik 5-illik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı və mayda başlanması nəzərdə tutulan növbəti məlumat toplanması işlərinə - ikinci il üçün proqrama, hazırlıq birinci rüb ərzində davam etmişdir.
Hasilat
2025-ci ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (87 000), Qərbi Azəri (76 000), Şərqi Azəri (43 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (25 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 331 000 barel və ya ümumilikdə təxminən 30 milyon barel, yəni 4 milyon ton olub.
Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd etdi. Həmin vaxtdan platformadan ümumilikdə 1,1 milyard barrel (152 milyon ton) neft hasil edilib.
Rübün sonunda AÇG-də ümumilikdə 145 neft hasilatı quyusu, 44 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu qazılmış və onlardan biri tamamlanmışdır. Bundan əlavə 1 qaz injektoru quyusu da qazılmışdır.
Səmt qazı
2025-ci ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 11 milyon kubmetr, ümumilikdə isə 0,9 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı.
AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi iki prioritet layı hədəfləyən ilkin quyu qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.
Quyu mövcud Qərbi Çıraq platformasından qazılıb. İlk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra 2025-ci ilin sonunadək başlanacağı gözlənilir.
Səngəçal terminalı
2025-ci ilin birinci rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təxminən 52,3 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 73,3 milyon standart kubmetr (təxminən 2 milyard 589 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkətinin (BTC Ko.) səhmdarları: bp (30,10%), SOCAR (32,97%), MOL (8,90%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), ONGC Videş (3,10%), EksonMobil (2,50%) və İNPEKS (2,50%) şirkətləridir.
2025-ci ilin birinci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 32 milyon dollar, əsaslı xərclərə isə 13 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-cü ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 598 milyon ton (4,5 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 5932 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 7 milyon ton (təxminən 54 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 70 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).
2025-ci ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 726 milyon dollar əməliyyat xərcləri və təxminən 213 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 8 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 76,4 milyon (ildə təqribən 27,9 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2025-cü ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınmışdır və qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.
Qazma əməliyyatları
Birinci rüb ərzində Şahdəniz Alfa platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında iki quyuda - SDF02 və SDF04 - işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə qərb cinahında SDD05 quyusunda qazma işlərini bitirib və şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərinə başlayıb.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), LUKOYL (19,99%), TPAO (19,00%), NİKO (10,00%).
İlin birinci rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 18 milyon dollar, əsaslı xərclər isə təxminən 6 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 60,8 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda qazılmış ilk kəşfiyyat quyusunda (SAX01) aşkar edilmiş karbohidrogen ehtiyatlarının dəyərləndirilməsi və növbəti fəaliyyətlərin planlaşdırılması işləri davam etmişdir.
20 sentyabr 2024-cü il tarixində bp ilə SOCAR arasında bp-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu imzalandı. Bunlar "Qarabağ" neft yatağı və Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) kəşfiyyat sahəsidir. 2025-ci ilin birinci rübü ərzində bp-nin bu sazişlərə qoşulması ilə bağlı danışıqlar davam etmişdir.
İşçi heyətimiz
2025-ci ilin birinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2398 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2025-ci ilin birinci rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 0,4 milyon dollardan çox vəsait xərcləmişlər. Rüb ərzində bu layihələrə hazırda davam edən 16 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə birinci rüb ərzində 0,2 milyon dollardan çox vəsait xərcləyib.
Bunlara hazırda davam edən 13 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 3 konfrans və seminara dəstək, yəni ümumilikdə 22 layihə daxildir.