bp şirkəti Azərbaycan Coğrafiya Cəmiyyəti və Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (“Caspian Integrated Scientific Network”) ilə əməkdaşlıqda “Xəzər dənizinə axan transsərhəd axınların plastik materiallardan təmizlənməsi” (CRİPTİC) layihəsinə qoşulub.
Eləcə də bax: BP Azərbaycanda ilk dəfə - Bal Meşəsi Salıb
FED.az "bp-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bu dəstək çərçivəsində bp avqustun 8-də Neftçala rayonunda yerləşən layihənin pilot zonasında aparılmış ilk sahə işlərinə sponsorluq edib.
CRİPTİC layihəsinin məqsədi Xəzər dənizinə atılan plastik tullantıların azaldılması üçün regionda potensialın yaradılmasıdır. Layihə regionda maraqlı tərəfləri plastik tullantıların xəritələşdirilməsi və təmizlənməsi fəaliyyətlərinə cəlb etmək üçün bir sıra qabaqcıl rəqəmsal vasitələri maarifləndirici proqram və vətəndaş elmi ilə birləşdirəcək. Layihə çərçivəsində Kür çayının transsərhəd mənsəbi və ona bitişik sahilyanı ərazi plastik tullantıların xəritələşdirilməsi, aşkarlanması və təmizlənməsi baxımından pilot zona kimi nəzərdə tutulur.
CRİPTİC layihəsi bp-nin ətraf mühit problemlərinin idarə edilməsində öz səylərini yerli təşkilatların fəaliyyəti ilə birləşdirməsi üçün yaxşı bir imkandır və regiondakı insanlar üçün davamlı faydaların yaradılmasına kömək edir. Bu fəaliyyətlər insanların həyatını yaxşılaşdırmaq və planetimizə qayğı göstərmək məqsədi daşıyan dayanıqlı inkişaf çərçivəmizlə üst-üstə düşür.