BİZNES ƏMƏLİYYATLARI HESABATI - 2022-ci ilin birinci rübünün yekunları
Eləcə də bax: “BP Azərbaycan”ın eksklüziv distribyutoruna - BÖYÜK YATIRIM
FED.az xəbər verir ki, "BP-Azərbaycan" 2022-ci ilin birinci rübünün yekunlarını açıqladı.
Azəri-Çıraq-Günəşli (AÇG)
AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2022-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 133 milyon dollar əməliyyat məsrəfləri və 396 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi bp-nin icraçısı olduğu digər fəaliyyətlərlə yanaşı plana uyğun şəkildə irəliləmişdir.
ACE platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Üst modulların tikintisini icra edən işçi heyəti fevral ayında əməyin təhlükəsizliyi üzrə mühüm bir nailiyyəti – qəzasız 10 milyon iş saatını qeyd etdilər.
Rüb ərzində bu tikinti sahəsində bir sıra iri avandanlıqların qaldırılması əməliyyatları tam təhlükəsiz icra olunmuşdur. Bu avadanlıqlara əsas enerji generatorunun buraxıcı qurğusu, məşəl qülləsinin özül hissəsi və qazvurma kompressoru daxildir. Bundan əlavə, obyekt düşmə qurğusu və üst modulların göyərtəaltı platforması bütün boru bağlantıları və avadanlığı ilə birlikdə yerinə quraşdırılmışdır.
Qazma borularının yığılması və yerdə hidrosınağı başa çatmaq üzrədir, üst modulları borularının yığılması qrafiki qabaqlayaraq irəliləyir. Qazma modulunun yerdə istismar sınaqları davam etmiş, bəzi hissələrin isə funksiyasının sınaqları artıq bitmişdir. Qazma modulunun yığıldığı yerdən ayrılması, dayaq domkratı ilə qaldırılması və sürüşdürmə qurğusu vasitəsilə bütövlükdə üst modulların üzərinə hərəkəti üçün planlaşdırma işləri davam etmişdir. Bu əməliyyatın icrası ilin ikinci rübünə planlaşdırılır. Üst modulların istismar sınaqları davam etmişdir - fövqəladə vəziyyətləri idarəetmə lövhəsi cərəyana qoşulmuş, yaşayış blokunun idarəetmə otağı və batareya ötürücü otaqları istismar sınaqlarına təhvil verilmişdir.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi davam etmişdir. Bu qurğu üçün son əsas qaldırma əməliyyatı olan şərq qülləsi çərçivəsi təhlükəsiz şəkildə dayaq blokunun üzərinə qaldırılmışdır. Növbəti çərçivə olan 7-ci çərçivənin bükülmədən sonra mərkəzi qutuya qaynağı başa çatmış, qüllə çərçivələrinin bükülmədən sonra dayaq blokunun üzərinə qaynaq edilməsi işləri davam etmişdir.
İsrafil Hüseynov borudüzən gəmisi platformanın sualtı neft və qaz xətlərinin tikintisini başa çatdırmışdır.
Tofiq İsmayılov gəmisində dalğıc suyadalma sisteminin yenidən işə salınması başa çatmışdır.
ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi ala bilməsi ilə bağlı Şərqi Azəri platformasında aparılan quraşdırma işləri də rüb ərzində davam etmişdir.
ACE əməliyyatlarının qurudan idarə olunması üçün Səngəçal terminalında modifikasiya tikinti işlərinə başlanmışdır.
Birinci rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 70% tamamlanmışdı. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqda 5500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.
Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.
Hasilat
2022-ci ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (106 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (70 000), Dərinsulu Günəşli (79 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 434 000 barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı quyusu tamamlanmışdır.
Səmt qazı
2022-ci ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Səngəçal terminalı
Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təxminən 57 milyon barel neft və kondensat, o cümlədən 51 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təxminən 6 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 71 milyon standart kubmetr (təxminən 2 milyard 500 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Bakı-Tbilisi-Ceyhan (BTC)
BTC Ko.-nun səhmdarları: bp (30,10%), SOCAR (25,00%), MOL (8,90%), Ekvinor (8,71%), TPAO (6,53%), Eni (5,00%), TotalEnergies (5,00%), İTOÇU (3,40%), İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGCVideş (2,36%) şirkətləridir.
Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 9 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar vəsait xərclənmişdir.
Martın 23-də BTC boru kəməri Səngəçal terminalından Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Ceyhan terminalına ixrac olunmuş neftin yüklənildiyi 5000-ci tankerin yola salınmasını qeyd etdi.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2022-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 509 milyon tondan çox (3,82 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 5007 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Bu ikin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6,7 milyon ton (təxminən 51 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 68 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.
Şahdəniz
Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,0%), Cənub Qaz Dəhlizi (6,67%).
Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 759 milyon dollar əməliyyat xərcləri və təxminən 88 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2022-ci ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində aparılan tikinti işləri qərb-cənub cinahından bu ilin ortalarına planlaşdırılan hasilatın başlanması qrafikinə uyğun irəliləmişdir.
Xankəndi sualtı tikinti gəmisi qərb-cənub cinahında əsas sualtı quraşdırma işlərini təhlükəsiz şəkildə başa çatdırmışdır. Bu işlərə sualtı boru xətlərinin, hasilat üçün fontan armaturlarının, manifoldlar və idarəetmə sistemləri üçün sualtı elastik kabellərin quraşdırılması daxildir. Sualtı xətlərin bağlanması üçün dalğıc işləri bu ilin ikinci rübündə başa çatmaq qrafikinə uyğun irəliləmişdir.
Bu layihə çərçivəsində Şahdəniz Bravo platformasının üzərində aparılan işlər də irəliləmişdir və hazırda başa çatmaq üzrədir. Layihənin hər iki hissəsində - həm platformanın üstündə, həm də sualtı hissədə ilkin istismar sınaqları və yoxlama
fəaliyyətləri qrafikə uyğun irəliləyir. İlk dərinsulu cinah olan şərq-şimal cinahının keçən il işə salınmasından əldə edilmiş ən yaxşı təcrübə və bilgilər qərb-cənub cinahının istismara verilməsi üçün aparılan bütün tikinti işlərində geniş tətbiq olunur.
Qazma əməliyyatları
Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
İstiqlal və Maersk Explorer qazma qurğuları Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 19-unu tamamlayıb - yatağın şimal cinahında beş quyu, qərb cinahında dörd quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında dörd quyu, şərq-şimal cinahında iki quyu tamamlanıb; qərb-cənub cinahında bir quyu və şərq-şimal cinahında bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub.
Cənubi Qafqaz Boru Kəməri (CQBK)
Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), SOCAR (14,35%), NİKO (10,00%), Cənub Qaz Dəhlizi (6,67%).
İlin birinci rübündə CQBK-nin əməliyyat xərcləri təqribən 14 milyon dollar, əsaslı xərclər isə təqribən 0,3 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 56,2 milyon kubmetr olmuşdur.
Geoloji kəşfiyyat
Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılması 2021-ci ilin mart ayında Fasilə lay dəstində 7189m dərinlikdə tamamlanıb. Quyunun keçdiyi lay dəstlərində qaz-kondensat ehtiyatları aşkar edilib. Hazırda ilkin seysmik məlumatların emalı da daxil olmaqla qazma zamanı quyudan əldə edilmiş məlumatların təhlili aparılır. Bu təhlil karbohidrogen kəşfini dəyərləndirmək və kəşfiyyat işlərinin növbəti mərhələsini planlaşdırmaq üçün lazımdır.
Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi çərçivəsində üçüncü kəşfiyyat quyusunun qazılması 4 aprel 2022-ci il tarixində Qarabatdağ sahəsində başlanıb. Bu quyuda qazma işləri artıq 770 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir. Bundan əvvəl isə layihə çərçivəsində ikinci kəşfiyyat quyusu Bibiheybət sahəsində 4230 metr ümumi dərinliyədək qazılmış və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilmişdi. Bu quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmamışdı.
İşçi heyətimiz
Birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2247 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Sosial sərmayələr
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir
2022-ci ilin birinci rübü ərzində bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda 1 milyon dollardan artıq vəsait xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə bp (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Qeyd: Biznes əməliyyatları haqqında bu məlumat Azəri-Çıraq-Günəşli yatağının əməliyyatçısı, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin idarəedicisi, həmçinin BTC boru kəmərinin və Cənubi Qafqaz Boru Kəmərinin ümumi əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Caspian Sea) Limited” şirkətinin, eləcə də Şahdəniz yatağının əməliyyatçısı kimi çıxış edən “BP Exploration (Shah Deniz) Limited” şirkətinin, bu qurumların hər biri öz layihəsinə aid məlumatı təmin etməklə və öz layihəsinə tətbiq edilən açıqlamaları verməklə, birgə press relizidir.