"Azəristiliktəchizat" 2022-2023 payız qış mövsümünə hazırlıqla bağlı mətbuat konfransı keçirdi.
FED.az xəbər verir ki, konfransda “Azəristiliktəchizat” ASC-nin sədrinin müşaviri Ramil Məhərrəmov bildirib ki, istilik mövsümünün başlanılması dağ rayonlarında 1 Noyabr, Bakı şəhəri və digər rayonlarda 15 Noyabr tarixindən nəzərdə tutulur. İstilik mövsümü qanunvericiliklə tənzimlənir və “Azəristiliktəchizat” ASC qanunvericliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır.
2021-2022-ci il payız qış mövsümü başa çatdıqdan dərhal sonra (15 Aprel 2022-ci ildən etibarən) əvvəlki mövsümün nəticələri, nöqsanlar və abonentlərin müraciətləri, yeni mövsümdə istilik sistemlərinin və infrastrukturunun plan üzrə nəzərdə tutulan təmir-bərpa və nəzarət işləridə daxil olmaqla geniş miqyaslı və kompleks illik fəaliyyət planı hazırlanır və icra edilir. Mövsümə hazırlıqla bağlı şirkətin aidiyyatı funksiyalarının rəhbər şəxslərindən ibarət xüsusi komissiya təsis olunur. Bu çərçivədə 30 Sentyabr 2022-ci il tarixinədək aşağıdakı hazırlıq və təmir-bərpa işləri həyata keçirilib.
- İstilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib;
- 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub;
- 732 ədəd qazan aqreqatı, 1378 ədəd nasos, 8658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib;
- 1002.2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılmış və 9.44 km istilik boru xətləri əsaslı təmir olunub;
- 1048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib;
- İstilik xətlərində 2978,43 m2 istilik örtük qatı təmir olunmuş, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənmiş, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub;
- 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.
Mövsümə hazırlıq və təmir-bərpa dövründə aidiyyəti qurumların iştirakı ilə mütəmadi olaraq Tədbirlər Planının icra vəziyyəti müzakirə olunmuş, zəruri qərarlar qəbul edilmişdir. Şirkətin aidiyyatı funksiyalarının rəhbər şəxslərindən təşkil edilən xüsusi komissiya hazırlıq dövrü ərzində Bakı şəhəri və Respublikanın regionları daxil olmaqla bütün qazanxana və istilik məntəqələrinə nəzarət baxışı həyata keçiriblər.
Azərbaycan Respublikasının Prezidentinin 29 Aprel 2022-ci il tarixli sərəncamına əsasən Azəristiliktəchizat ASC şirkətinin müasirləşdirilməsi və gücləndirilməsi, fəaliyyətinin səmərəliliyin artırılması istiqamətində islahatlar proqramıda uğurla davam etdirilir. Bu çərçivədə islahatlar “Azəristiliktəchizat” ASC-nin müasirləşdirilməsi, səmərəliliyinin artırılması və gücləndirilməsi gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi istiqamətində müxtəlilf layihələri əhatə edir. İslahatlar proqramı çərçivəsində şirkətin yeni strategiyası hazırlanması, elektron sənəd dövriyyəsi və digər rəqəmsal həllərin tətbiqi, şirkətin kommersiya fəaliyyətinin genişləndirilməsi üçün yeni xidmət sahələrinin yaradılması, yeni əməliyyat idarəetmə sisteminin qurulması, İT infrastrukturunun təkmilləşdirilməsi, çevik və effektiv ictimaiyyətlə əlaqələr və kommunikasiya işinin qurulması, gənc kadrların şirkətə cəlb olunması kimi təşəbbüslər üzrə işlər başlayıb və davam etdirilir.
Qeyd edək ki, Azəristiliktəchizat ASC-nin vəzifəsi istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil, səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin keyfiyyətli istilik təchizatını təmin etməkdən ibarətdir.
“Azəristiliktəchizat” ASC şirkəti Bakı şəhəri və Respublikanın digər regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb,160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edir. Şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakin, 75 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin edir. Bu xidmətləri yüksək keyfiyyətdə göstərmək üçün şirkət 1000 km-dən artıq magistral və məhəllədaxili istilik xətləri, 1300-dən artıq qazan aqreqatı, 3000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu və texniki rejim parametrlərinin saxlanılması üçün 20000-dən artıq müxtəlif mühəndislik qurğularını idarə edir.
Şirkətin daimi 1200-ə yaxın əməkdaşı, istilik mövsüm zamanı isə 2250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır.
Bakı şəhərində 22 İstilik Sistemlərinin İstismar Sahə idarələri, digər şəhər və rayonlarda 46 İstilik Sistemlərinin İstismar Sahə idarələri fəaliyyət göstərir.
Azəristiliktəchizat ASC şirkəti haqqında ətraflı məlumat əldə etmək üçün http://azeristilik.gov.az/ vebsaytına daxil olun.