Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində “Azəriqaz” İstehsalat Birliyinin abonenti olan 2600-ə yaxın qeyri-yaşayış obyektinə baxış keçirilib.
Eləcə də bax: Partlayışa görə üç nəfər həbs edildi - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Bakı və regionlarda 420 halda nöqsan aşkarlanıb və qeyd olunan hallar üzrə qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma və qaydaları, layihə-smeta sənədləri qaydalarının tələblərinin pozulması ilə bağlıdır. Bu halların əksəriyyəti Bakı və Abşeron rayonunu əhatə edir, regionlarda bu göstərici aşağı səviyyədədir.
İlkin Behbudov qeyd edib ki, 290 halda qaz sayğacları çıxarılıb və qaz infrastrukturu plomblanıb, digər 133 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb.
İlkin Behbudov onu da əlavə edib ki, hazırda “Azəriqaz”ın 37 844 qeyri-əhali sektoruna aid olan abonenti var və yoxlamalar bu qrupdan olan bütün abonentləri əhatə edəcək. (Apa)