Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan 10 ilə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırır.
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib - TAM MƏTN
FED.az xəbər verir ki, bu barədə prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
“Düşünürəm ki, bu, bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil edir. Çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşıl enerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”, - deyə İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, hər il Bakı Xəzər dənizinin getdikcə daha da dayazlaşmasının şahidi olur. “Dəniz kənarında, hətta burada Bakının mərkəzində yaşayan hər kəs bunu görür. Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik”.
İlham Əliyev əlavə edib ki, Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır.
“Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”, - Azərbaycan Prezidenti vurğulayıb