SOCAR-ın “Azneft” İstehsalat Birliyi mütəmadi olaraq istismar etdiyi neft-qaz yataqlarının abadlaşdırılması, dənizdə hidrotexniki qurğuların tikintisi və təmiri, sosial obyektlərin inşası, estakadalarda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, hasilat quyularının səmərəliliyinin artırılması, texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə N.Nərimanov adına NQÇİ-nin istismar etdiyi “Səngəçal-Dəniz-Xərə-Zirə” və “8 Mart” yataqlarında yerləşən estakadayanı meydança və stasionar dəniz özülündə əsaslı təmir işləri bu tədbirlərdəndir. Təmir işləri vaxtında və keyfiyyətlə başa çatdırılmışdır.
Birliyin sifarişi əsasında “Səngəçal-Dəniz-Xərə-Zirə” yatağında yerləşən 682 saylı estakadayanı meydançada həyata keçirilmiş əsaslı təmir işləri çərçivəsində 56 ədəd möhkəmləndirici svay vurulmuş, 6 metal lövhə quraşdırılmışdır. Meydançada 148 metr uzunluğunda məhəccər çəpəri quraşdırılmış, 10 ədəd işıq dirəyi yenisi ilə əvəz olunmuşdur. Yataqdakı 566 saylı stasionar dəniz özülündə aparılmış əsaslı təmir zamanı 2 metal lövhə quraşdırılmış, 2 minik meydançası yenisi ilə əvəz olunmuşdur. Meydançada 240 metr uzunluğunda məhəccər çəpəri və 1 ədəd piyada körpüsü quraşdırılmış, 23 işıq dirəyi yenisi ilə əvəz olunmuşdur.
Qəzalı hidrotexniki qurğular əsaslı təmir olunur
16:57
2 Avq 2017