Cari ilin yanvar-mart aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6 faiz artıb.
Dövlət Statistika Komitəsindən FED.az- a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 3 ayda 11,5 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz çox sənaye məhsulu istehsal edilib. Sənaye məhsulunun 22,9 faizi emal sektorunda istehsal olunub.
Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, içkilərin istehsalı 78,8 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3 faiz, mebel istehsalı 58,7 faiz, əczaçılıq məhsullarının istehsalı 44 faiz, kağız və karton istehsalı 34,6 faiz, kimya sənayesi məhsullarının istehsalı 32,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, tikinti materiallarının istehsalı 8,5 faiz, tütün məmulatlarının istehsalı 7,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 5 faiz, poliqrafiya məhsullarının istehsalı 3,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 faiz artıb. Metallurgiya sənayesi məhsullarının istehsalı 13,9 faiz, elektrik avadanlıqlarının istehsalı 15 faiz, hazır metal məmulatlarının istehsalı 22,6 faiz, geyim istehsalı 28,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36 faiz azalıb.