Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qəbələ rayonu, Nic qəsəbəsində və Zarağan kəndində fəaliyyət göstərən fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb.
FHN-in mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan, ümumilikdə, 4 ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi, qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin boruların, həmçinin digər avadanlıqların dövri yoxlamaları barədə aktın, eləcə də məntəqələrin bina və avadanlıqlarının torpaqlama müqaviməti haqqında protokolun olmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunan aktın bir nüsxəsi sahibkara təqdim olunub.