Rusiyanın “Qazprom” şirkəti Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa kəmərinin Polşa hissəsindən artıq istifadə etməyəcəyini açıqlayıb.
FED.az xəbər verirki, “Qazprom”un nümayəndəsi Sergey Kupriyanovun açıqlamasına görə, Rusiya hökuməti qazın Polşa ərazisi iləç daşınmasına məsul olan EuRoPol GAZ-a qarşı sanksiyalar tətbiq edəcək.
EuRoPol GAZ-ın Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa boru kəmərinin Polşa hissəsinin sahibi olduğuna işarə edən Kupriyanov, sanksiyalara görə, Rusiya qazının artıq EuRoPol GAZ-a məxsus xətt vasitəsilə daşınmayacağını bildirib.
Kupriyanov qeyd edib ki, Polşa “EuRoPol GAZ”ın səhmdarı kimi “Qazprom”un hüquqlarını dəfələrlə pozub, həmçinin “Qazprom”a qarşı sanksiyalar tətbiq edib.
Yamal-Avropa kəməri, Ukraynadakı boru kəmərləri və “Şimal axını” boru kəməri ilə yanaşı, Rusiya qazını Avropaya daşıyan mühüm xətlərdən biridir.
Rusiya hissəsi Qazprom-a, Polşa hissəsi isə EuRoPol GAZ-a məxsus və idarə olunan Yamal-Avropa qaz kəmərinin illik ötürmə qabiliyyəti 33 milyard kubmetrdir.