Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik idarəsində II Qarabağ müharubəsinin daha 7 iştirakçısı işlə təmin edilib.
FED.az SOCAR-a istinadən xəbər verir ki, işə qəbul üçün İdarənin elan etdiyi vakansiyalar üzrə 725 nəfərin müraciəti qeydə alınıb və onlardan 691 nəfər SOCAR-ın keçirdiyi test imtahanında iştirak edib.
İmtahandan keçən 144 nəfərin fiziki göstəriciləri yoxlanılıb və bu mərhələni keçənlər növbəti - müsahibə mərhələsinə buraxılıb. Müsahibə mərhələsindən 41 nəfər keçib.
Onların arasında 44 günlük Vətən müharibəsində şücaət göstərmiş qazilərdən Sofiyev Yaqub Soin oğlu, Əsgərli Surxay Nazim oğlu, Zeynalov Zahir Mahir oğlu, Mehdiyev Rəşadət Yəhya oğlu, İsmayıllı İsmayıl Vidadi oğlu, Əbilov İsmayıl Mais oğlu, Həsənov Nurlan Məmmədrza oğlu da qənaətverici nəticə göstərərək, SOCAR-ın keçirdiyi işə qəbul müsabiqəsində qalib gələrək, işə qəbul olunublar.
Qəbul olunan yeni əməkdaşlar neft mədənlərinin, boru kəmərlərinin və neft sənayesinə aid digər obyektlərin mühafizəsində iştirak edəcəklər.
Xatırladaq ki, şəhid ailəsi üzvlərinin və qazilərin məşğulluğunun təminatına SOCAR-da xüsusi diqqət yetirilir. Hazırda təkcə Təhlükəsizlik İdarəsində 116 nəfər müharibə iştirakçısı və 9 şəhid ailəsi üzvü çalışır.