“Azəriqaz” İB olaraq limitin yenilənməsi prosesi ölkə üzrə tam başa çatdırılıb. Sonradan ödənişli, yəni mexaniki tipli sayğaca sahib 1 milyon 400 minə yaxın abonenti əhatə edən prosesdə göstərdikləri dəstəyə görə abonentlərə birlik adından təşəkkür edirik.
Limitin yenilənməsi ilə bağlı “Azəriqaz”dan açıqlama - VİDEO
FED.az xəbər verir ki, bunu “Azəriqaz” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib. Şöbə rəisi, həmçinin qazdan istifadə ilə bağlı təhlükəsizlik qaydalarına da toxunub. Qurum rəsmisi qış mövsümündə daha çox rast gəlinən neqativ halların yaşanmaması üçün qazdan istifadə və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.
Birliyin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov isə abonentləri kustar üsulla hazırlanan cihazlardan və “tüstü bacaları”ndan çəkinməyə çağırıb. Şöbə rəisi bildirib ki, yaşanan xoşagəlməz hadisələr bir çox hallarda abonentlərin məsuliyyətsizliyi səbəbindən baş verir. Onun sözlərinə görə, ötən il Azərbaycanda təbii qazdan istifadə qaydalarının pozulması nəticəsində dəm qazından zəhərlənmə və partlayış tipli hadisələrin sayı 280 civarında olub, bu da 2011-ci ilin göstəricisi ilə müqayisədə kəskin azalma deməkdir. 2011-ci ildə qeyd olunan göstəricinin sayı 1000-ə yaxın olub ki, bunların da çoxu dəm qazından zəhərlənmə hadisələrin payına düşüb.
İlkin Behbudov qeyd edib ki, 2011-ci ildə Bakı və Abşeron rayonu üzrə abonentlərin sayı təxminən 760 min civarında idisə, 2022-ci ildə bu göstərici artıq 1 milyon 270 min olub: “Qeyd olunan dövrdə regionlar üzrə də abonent sayına görə əhəmiyyətli artım müşahidə olunub. Abonent sayının artmasına baxmayaraq həm dəm qazından zəhərlənmə hadisələri, həm digər hadisələr dəfələrlə azalıb. Bu onu göstərir ki, nəticə müsbətdir. Ancaq biz bu nəticəni sıfıra endirmək uğrunda çalışırıq.” (Azərtac)