Hacıqabulda qaz sayğaclarının dəyişdirilməsindən sonra bir qrup abonentə böyük məblğdə borc bildirişləri gəlib.
Dövlət Xidməti sayğaca görə əlavə pul yığan MTK-la bağlı Baş Prokurorluğa - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, Hacıqabul rayonu, Atbulaq kənd sakinləri belə bir məsələdən şikayətçidirlər.
Onların sözlərinə görə, ötən il smartkartla işləyən qaz sayğacları mexaniki qaz qurğuları ilə əvəz olunduqdan sonra abonentlərə yüksək məbləğdə borc bildirişləri gəlib. 200 nəfərə yaxın şəxsə eyni miqdarda - 25920 kubmetr həcmində, yəni 3110 manat 40 qəpik məbləğində borc yazılıb.
Kənd sakinləri deyirlər ki, sayğaclar dəyişdirilməzdən öncə yoxlanılıb və onlara heç bir problem olmadığı ilə bağlı aktlar təqdim edilib. Mövzu ilə əlaqədar aidiyyəti quruma müraciət ünvanlasalar da, cavab ala bilməyiblər.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şikayəti araşdıraraq bildirdi ki, bütün proseslər normativlərə uyğun aparılıb. Onun sözlərinə görə, sayğac dövlət yoxlamasından keçərkən göstəricilər xidmətin müəyyən etdiyi normalardan artıq olduğu hallarda faktiki istifadə edilmiş qazın həcmi yenidən hesablanır.
Eldəniz Vəliyev gələcəkdə bu cür problemlərlə qarşılaşmamaq üçün abonentlərə sayğaclar çıxarılarkən onun dövlət yoxlanmasında iştirak etməyi tövsiyə edir. (Xezerxeber.az)