Bayram günləri olmasına baxmayaraq, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tarif limitlərinin sıfırlanması prosesini davamlı olaraq həyata keçirir. Paralel olaraq abonentlər də bu prosesdə birliyə dəstəyini fəal olaraq göstərirlər.
FED.az xəbər verir ki, bu barədə birliyin baş direktoru Ruslan Əliyev deyib.
“Yanvarın 1-dən bu günə qədər sonradan ödənişli sayğacdan istifadə edən (mexaniki sayğaclar nəzərdə tutulur) 104 min abonent sayğaclarının görünən hissəsini mobil telefon vasitəsilə çəkərək 077 310-41-04 vatsap nömrəsinə göndərib. Bu dəstəyin müqabilində bu günə qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesində 65 faizlik nəticə əldə olunub. Göstərdikləri diqqətə, verdikləri dəyərə görə hər bir abonentimizə “Azəriqaz” İB adından dərin təşəkkürümüzü bildiririk”, - deyə baş direktor bildirib.