Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl zona", yaxud "yaşıl məkan" konsepsiyasının hazırlanmasına başlanılıb.
FED.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır.
"İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4 000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı vardır. Kiçik su elektrik stansiyalarının inventarlaşdırılması işinə başlanılıb", - nazir qeyd edib.
P. Şahbazov vurğulayıb ki, ilkin məlumatlara görə, bu stansiyaların sayı 30-a yaxındır, lakin əksəriyyəti yararsız hala salınıb. Üç stansiyada artıq bərpa işlərinə başlanılıb. "Yaşıl enerji" layihələrinə xarici investorların cəlb edilməsi üzərində iş aparılır.